Xəbərlər


Sərbəst güləşçilərimiz Avropa birinciliyində böyük uğura imza atıblar

Rumıniyanın paytaxtı Buxarestdə on yeddi yaşadək güləşçilər arasında keçirilən Avropa birinciliyi başa çatıb.
"Neftçi İdman Klubu”nun yetirmələri mötəbər yarışda əzmlə mübarizə apararaq 4 medala (2 qızıl, 1 gümüş, 1 bürünc) sahib olublar. Güləşçilərimizdən İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Avropa çempionu adını qazanıblar. Yalnız final görüşündə məğlubiyyət acısı yaşayan Ağa Qasımov (60 kq) gümüş medala layiq görülüb. Yetmiş bir kiloqram çəkidə çıxış edən Ağanəzər Novruzov isə nüfuzlu yarışı üçüncü yerdə başa vurub.
Qeyd edək ki, qazanılan uğurda klubumuzun yetirmələrinin də böyük pay sahibi olduğu qitə çempionatında  iştirak edən 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb. Belə ki, 6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa birinciliyində aşkar üstünlük əldə edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu adını qazanıb. Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.
Onu da əlavə edək ki, millimiz birdən-birə 2 rekordunu yeniləyib. Sərbəst güləşçilərimiz U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.