Xəbərlər


Cüdoçularımız Sumqayıt şəhər çempionatının qalibi olublar

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 23 yaşadək idmançılar arasında keçirilən  cüdo üzrə Sumqayıt şəhər çempionatı sona yetib. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 127 cüdoçu (115 kişi, 12 qadın) 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun Sumqayıt bölməsinin cüdoçuları yarışda inamla mübarizə apararaq 8 medala (4 qızıl, 2 gümüş, 2 bürünc) yiyələniblər.
Təmsilçilərimizdən  Kənan İsmayılov (66 kq), Ruslan Paşayev (73 kq), Eldar İbrahimov (90 kq) və Fidan Qasımova (57 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medala sahib olublar. Əli Hacıyevlə (66 kq), Rohid Səlimov (100 kq) gümüş, Sadiq Rüstəmov (60 kq) və Azər İsmayılov (+100 kq) isə bürünc medala layiq görülüblər.
 "Neftçi İdman Klubu"nun cüdoçuları ümumkomanda hesabında turnirin qalibi olublar.
Qeyd edək ki, yarışın qalibləri 12-14 iyulda keçiriləcək cüdo üzrə U-23 Azərbaycan çempionatına vəsiqə qazanıblar.