Xəbərlər


«Neftçi İdman Klubu»nun paralimpiyaçısı dünya rekordunu yenilədi

"Neftçi İdman Klubu”nun paralimpiyaçıları gələn il Rio de Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıblar. Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının nizəatma yarışlarında mübarizə aparan idmançımız İradə Əliyeva 44,18 metrlik nəticə ilə dünya rekordunu yeniləyib. Çempionatın qalibi adını qazanan atletimiz bununla da Rio-2016 Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib. Bu, klubun paralimpiyaçılarının qazandığı 10-cu lisenziyadır.

Belə ki, İradə Əliyevadan əvvəl uzunluğa tullanma yarışlarında Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (+100 kq), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev Rio de Janeyroya lisenziya qazanıblar.