Xəbərlər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
"Neftçi İdman Klubu”nun Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında (29 aprel - 1 may) mükafat qazanan təmsilçilərindən turnirin  bürünc medalçısı Rüstəm Orucov (73 kq) irəliləyişə nail olub. Aktivində 2207 xalı olan cüdoçumuz 15-ci pillədən 11-ci sıraya yüksəlib. Yetmiş üç kiloqram çəki dərəcəsində yarışın qalibi olan Hidayət Heydərov 4120 xalla əvvəlki kimi üçüncü, digər bürünc mükafatçı Məmmədəli Mehdiyev (90 kq) isə 4657 xalla ikincidir.
Klubumuzun mötəbər yarışa qatılan yetirmələrindən ən böyük sıçrayışa Yaşar Nəcəfov (66 kq) nail olub. O, əldə etdiyi beşinci yer sayəsində 38-ci pillədən 28-ci sıraya qalxıb. Qitə çempionatında eyni nəticəni göstərən Balabəy Ağayev (60 kq) 6 pillə irəliləyib. İdmançımız 1077 xalla 12-ci yerdədir. Turnirdə yeddinci olan Uşanqi Kokauri (+100 kq) isə 2732 xalla əvvəlki kimi 9-cu pillədə qərarlaşıb.