Xəbərlər


Yunan-Roma güləşçilərimizdən Avropa çempionatında möhtəşəm uğur

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
"Neftçi İdman Klubu"nun yunan-Roma güləşçiləri mötəbər yarışda böyük əzmkarlıq nümayiş etdirərək, bir gündə bir dəst medal (1 qızıl, 1 gümüş, 1 bürünc) qazanıblar.
İdmançılarımızdan Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Yarımfinalda erməni Rudik Mkrtçyanı da  7:3 hesabı ilə xalçadan məyus yola salan təcrübəli pəhləvanımız dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Eldəniz Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Rəqibinə 8:2 besabı ilə qalib gələn idmançımız ikinci dəfə Avropa çempionu olub. O,  ilk qitə çempionluğunu 2018-ci ildə qazanıb. Həmin il Eldəniz Əzizli həm də dünya çempionu olub.
Təmsilçimiz Taleh Məmmədov (63 kq) da yarışa dörddəbir finaldan qoşulub. Pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. O, yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu "çevirmə" fəndi idmançımıza qələbə qazandırıb - 3:1.  Taleh Məmmədov  ikinci dəfə Avropa çempionatının finalında güləşmək hüququ qazanıb. Güləşçimizin  finaldakı rəqibi gürcüstanlı Avropa və dünya çempionatlarının mükafatçısı Leri Abuladze olub. Güclü rəqibinə məğlub olan (1:3) idmançımız nüfuzlu yarışın gümüş medalına layiq görülüb.
Klubumuzun digər yetirməsi Sənan Süleymanov (77 kq)  səkkizdəbir finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0. O, növbəti mərhələdə ermənistanlı dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz üçüncü yer uğrunda mübarizə aparıb. Bu görüşdə Sənan Süleymanov  isveçli rəqibi Per Albin Olofsson üzərində  qələbə qazanıb (5:0) və bürünc medala yiyələnib.
Xatırladaq ki, çempionatın əvvəlki günlərində klubumuzun sərbəst güləşçilərindən Hacı Əliyev (65 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünc medala sahib olub.