Xəbərlər


Hacı Əliyev Avropa ikincisi oldu

Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə startı verilmiş güləş üzrə Avropa çempionatı davam edir.
"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan sərbəst güləşçisi, mötəbər yarışın reytinq favoriti olan, üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev mübarizəyə dörddəbir finaldan qoşulub. Altmış beş kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. Hacı Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici mərhələdə onun rəqibi yerli güləşçi İsmayıl Musikayev olub. Görüşdən məğlub ayrılan təmsilçimiz Avropa çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, qitə çempionatı aprelin 3-də başa çatacaq.