Xəbərlər


Yeniyetmə boksçularımız Azərbaycan birinciliyində uğurla çıxış ediblər

Yeniyetmə boksçular arasında keçirilən respublika birinciliyinə yekun vurulub. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın tərkibində 327 boksçu 13 çəki dərəcəsi üzrə mübarizə aparıb. 
Boks Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun yetirmələri 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Boksçularımızdan 70 kiloqram çəkidə çıxış edən Ayxan Əliyev bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıb. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Rza Novruzov (80 kq) gümüş medala layiq görülüb. Əli İsayev, Tərlan Əhmədov (hər ikisi 60 kq), Fərid Sadıqov (75 kq) və İlkin Məmmədli (80 kq) isə yarışı üçüncü pillədə başa vurublar.
Turnirdə ümumkomanda hesabında "Neftçi İdman Klubu” 24 xalla ikinci yeri tutub.
Qeyd edək ki,  mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.