Xəbərlər


Daha bir güləşçimiz Avropa çempionu olub

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
"Neftçi İdman Klubu"nun sərbəst güləşçisi İslam İlyasov (97 kq) mübarizəyə dörddəbir finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabıyla xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. O,  bu mərhələdə macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabıyla məğlub edib. İslam İlyasov qızıl medal uğrunda alman Yohan Mayerlə üz-üzə gəlib. Rəqibinə 5:3 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionatının qalibi olub.
Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində yunan-Roma güləşçilərimizdən Xasay Həsənli (77 kq) qızıl, Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib olub.