Xəbərlər


Güləşçimiz Xasay Həsənli Avropa çempionu olub

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.
"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində yer alan  yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) ilk mərhələdə yerli idmançı Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Təmsilçimiz  dörddəbir finalda macarıstanlı Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. O, bu mərhələdə serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn  Xasay Həsənli finala yüksəlib. Güləşçimiz həlledici qarşılaşmadakı  gürcü rəqibi Davit Soloqaşvilini ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə məğlubiyyətə uğradıb və Avropa çempionu titulunu qazanıb.
Klubumuzun digər  yunan-Roma güləşçisi, 130 kiloqram çəki dərəcəsində çıxış edən Sərxan Məmmədov isə mötəbər turnirin bürünc medalına sahib olub. İdmançımız üçüncü  yer uğrunda görüşdə yunanıstanlı Nikolas Ntoniasla üz-üzə gəlib və rəqibinə 6:1 hesabı ilə qalib gəlib.