Xəbərlər


Futzal komandamız güclü rəqibini məğlubiyyətə uğradıb

Bu gün Yüksək Liqada III dövrəyə start verilib.
XV turun mərkəzi oyunu daha maraqlı keçib. "Neftçi İdman Klubu" bu tur çərçivəsində EKOL-la üz-üzə gəlib. "Olimpik Star" İdman və Əyləncə Mərkəzində baş tutan qarşılaşmada hesabı futzalçımız Fərid Atakişiyev açıb. Rəqib ardıcıl iki epizodda hesabı bərabərləşdirməyə yaxın olsa da, təcrübəli Zamanov əla reaksiya nümayiş etdirib. Onlar  istəklərinə 10-cu dəqiqədə çatıb. Hasan Ali Jafari cərimə meydançasında topun qarşısını əli ilə kəsib. Hakimin təyin etdiyi penaltini Namiq Məmmədkərimov dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib. 16-cı dəqiqədə EKOL-dan Mehdi Rəsulov 10 metrlik zərbəni tora qovuşdura bilməyib  və komandalar fasiləyə "sülh”lə yollanıblar.
Komandamız ikinci hissəyə qolla başlayıb. Standard vəziyyətin icrası zamanı Talebi dəqiq oynamaqla hesabı  dəyişib. 28-ci dəqiqədə Məmmədkərimov ikinci sarı-qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bu müddət ərzində futzalçılarımız qol vura bilməyib.  33-cü dəqiqədə bu dəfə meydan sahibləri 10 metrlik cərimə zərbəsini lehinə çevirməyi bacarmayıb. Sona yaxşınlaşdıqca hesabda geri düşən EKOL qapıçını meydan oyunçusu ilə əvəzləyib ki, bu da komandamızın işinə yarayıb. Ani diqqətsizlik nəticəsində itirilən topu Atakişiyev keçmiş komandasının qapısından keçirməklə fərqi artırıb və qələbəni təmin edib - 3:1.
Qeyd edək ki, ötən turda komandamızın "Xilə" ilə oyunu başa çatdırılmamışdı. Daha doğrusu, matçın 2-ci dəqiqəsində "Xilə” komandasının qapıçısı İmran Məhərrəmov zədələndiyinə və  komandanın ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı dayandırıblar. Görüşün nəticəsi barədə dünən  İntizam Komitəsi qərar verib. Həmin oyunda matçın 2-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün "Xilə”  komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.