Xəbərlər


Yunan-Roma güləşçilərimiz Bakı birinciliyində iştirak ediblər

On yeddi yaşadək yeniyetmə yunan-Roma güləşçiləri arasında keçirilən Bakı birinciliyi sona yetib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 176 idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu"nun yetirmələri turnirin 3 medalını qazanıblar. İdmançılarımızdan 80 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Məmmədli yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayıb və gümüş medala layiq görülüb. Eyni çəkidə qüvvəsini sınayan Abdulla Şərif və Nihad Məmmədzadə (92 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərimiz paytaxt birinciliyini 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar.