Xəbərlər


Futzal komandamız ilin ilk turunda qələbə qazandı

Futzal üzrə Yüksək Liqada qış fasiləsi başa çatıb.
"Neftçi İdman Klubu” bu ilin ilk matçında – XII turda "Baku Fire” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma komandamızın aşkar üstünlüyü şəraitində keçib və təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara futzalçılarımızdan Rüfət Balakişiyev (2:51), Omid Talebi (10:14), Nurlan Mehdizadə (13:50) və Hasan Ali Jafari (15:15) imza atıblar.
Qeyd edək ki, qazandığı qələbə sayəsində "Neftçi İdman Klubu” bir pillə irəliləyərək ilk üçlüyə daxil olub.
Xatırladaq ki, qış fasiləsində komandamızın heyətində köklü dəyişikliklər edilib. Belə ki, baş məşqçi postuna Elşad Quliyev gətirilib, köməkçi-məşqçi vəzifəsi isə futzalımızın əfsanələrindən hesab edilən Vitali Borisova tapşırılıb. Bundan əlavə, ilkin olaraq turnir cədvəlində ilk üçlüyə düşməyi, daha sonra isə çempionluğa oynamağı hədəfləyən komandaya yeni, gənc və perspektivli futzalçılar da cəlb olunub.