Xəbərlər


Hidayət Heydərov dünya birinciliyinin bürünc medalını qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi davam edir. Yarışda 82 ölkədən 555 idmançı (336 oğlan, 219 qız) qalib adı uğrunda mübarizə aparır.

Gənclərdən ibarət yığma komandamız dünya birinciliyinə 12 cüdoçu (10 oğlan, 2 qız) ilə qatılıb.

"Neftçi İdman Klubu”nun yarışda ölkəmizi təmsil edən yetirmələrindən Hidayət Heydərov (66 kq) mundialda yalnız bir görüşdə məğlub olub və bürünc medala sahib olub. Bu yolda o, Fələstin, Kosta-Rika, Avstriya və Hollandiya təmsilçilərini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Yaponiya cüdoçusu Masaya Asariylə bacarmayan idmançımız bürünc medal uğrunda görüşə qatılıb. Üçüncü yer uğrunda mübarizədə Heydərov kolumbiyalı Xuan Telyoya qalib gəlib və dünya birinciliyinin bürünc medalına yiyələnib.

Klubun digər cüdoçuları Natiq Qurbanlı (55 kq) və Hüseyn Rəhimli (73 kq) yarışı 5-ci, Davud Məmmədov (60 kq) isə 7-ci pillədə başa vurub.

Hal-hazırda Azərbaycan yığması oğlanların ümumkomanda hesabında bir neçə güclü ölkəni də qabaqlayaraq 8-ci, ümumi komanda hesabında isə 16-cı sırada qərarlaşıb.