Xəbərlər


Sərbəst və yunan-Roma güləşçilərimiz Azərbaycan birinciliyinin qalibi olublar

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında keçirilən respublika  birinciliyinə yekun vurulub.
Milli komandalara seçim xarakteri daşıyan yarışa "Neftçi İdman Klubu”nun təmsilçiləri də qatılıblar.
Yunan-Roma güləşçilərimiz ölkə birinciliyində böyük əzmkarlıq nümayiş etdirərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Pəhləvanlarımızdan Kənan Abdullazadə (67 kq), Urfan Həsənli (72 kq), Xasay Həsənli (77 kq) və Hüseyn Hüseynov (97 kq) bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıblar. Yalnız final görüşündə məğlub olan Elmir Əliyev (60 kq) və Qabil Əhmədov (87 kq) gümüş, Füzuli Abbasov (67 kq) isə bürünc medala layiq görülüb. 
Sərbəst güləşçilərimiz də turniri böyük uğurla başa vurublar. Belə ki, idmançılarımız respublika birinciliyinin 11 medalına (3 qızıl, 4 gümüş, 4 bürünc) yiyələniblər. Təmsilçilərimizdən Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (65 kq) və Yusif Dursunov (92 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağa Qasımov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Sabir Cəfərov (70 kq) ikinci, İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (70 kq), Elxan Qarayev (74 kq) və Fərid Cabbarov (79 kq) isə üçüncü olublar.
Qeyd edək ki, həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz ümumkomanda hesabında birinci yeri tutublar.