Xəbərlər


20 Yanvar faciəsindən 32 il ötür

Qanlı Yanvar faciəsindən artıq 32 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 32 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ellərdə yaşayan bütün soydaşlarımız ziyarət edir. Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.
 İnsanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülüb, 744 insan yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!