Xəbərlər


Yeniyetmə cüdoçular arasında keçirilən federasiya kubokuna yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində 18 yaşadək yeniyetmələr arasında Azərbaycan Cüdo Federasiyasının (ACF) kuboku uğrunda keçirilən yarış başa çatıb.

Bakı klubları arasında təşkil olunan turnirdə "Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.

Yeniyetmə cüdoçularımızdan oğlanlar arasında Camal Bagişov (81 kq) bütün qarşılaşmalardan qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elyar Bayramlı (+90 kq) gümüş, Nahid Tarquliyev (73 kq) isə bürünc medala sahib olub.

Xanım idmançıların mübarizəsində Nigar Süleymanova (70 kq) federasiya kubokunun qalibi adını qazanıb. Eyni çəkidə Jalə Sadıqova gümüş medala layiq görülüb. Digər təmsilçilərimiz – Nigar Əliyeva (48 kq), Zəhra Xalidzadə (52 kq), Leyla Atayeva, Aysu Salmanova (hər ikisi 57 kq) və Aysel Səfiyeva (63 kq) isə yarışı üçüncü pillədə başa vurublar.

"Neftçi İdman Klubu”nun yetirmələri Bakı klubları arasında ümumi komanda hesabında üçüncü yeri tutublar.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar olaraq azarkeşsiz keçirilən yarışda Bakının 39 klubundan 497 yeniyetmə cüdoçu (456 oğlan, 41 qız) medallar uğrunda mübarizə aparıb.