Xəbərlər


Klubumuzun cüdoçuları Azərbaycan kubokuna sahib olublar

Kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan kuboku yarışına yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın sonuncu günündə qadınlar 57, 78, və +78 kiloqram, kişilər isə 73, 100 və +100 kiloqram çəki dərəcələrində qalib və mükafatçıların adlarına aydınlıq gətiriblər.

"Neftçi İdman Klubu”nun cüdoçuları yarışın üçüncü - sonuncu günündə 6 medala sahib olublar. İdmançılarımızdan Nəriman Mirzəyev (73 kq) və Adil Kərimli (100 kq) məğlubiyyət tanımayaraq turnirin qalibi adını qazanıblar. Camal Feyziyev (+100 kq) gümüş, Hüseyn Dadaşov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) isə fəxri kürsünün üşüncü pilləsində yer alıblar.

Zərif cinsin nümayəndələri arasında keçirilən yarışda isə Nigar Süleymanova (+78 kq) gümüş medala layiq görülüb.

Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun yetirmələrindən Balabəy Ağayev (60 kq) və Aydan Vəliyeva (48 kq) qızıl, Rövşən Əliyev (60 kq) gümüş, Əhməd Yusifov (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov (90 kq), Ayşə Vəliyeva (48 kq) və Ülviyyə Bayramova (52 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun cüdoçuları 52 komandanın heyətində 307 cüdoçunun (250 kişi, 57 qadın) qalib adı uğrunda mübarizə apardığı Azərbaycan kuboku turnirində ümumi komanda hesabında birinci yeri tutublar.