Xəbərlər


Taekvondoçularımız 3 medala sahib olublar

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun taekvondoçuları da bu turnirə qatılıblar və ölkə birinciliyinin 3 medalını qazanıblar.

İdmançılarımızdan 55 kiloqram çəki dərəcəsində çıxış edən Ayşən Ağazadə yeniyetmələr arasında keçirilən yarışda bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Gənc taekvondoçuların mübarizəsində isə Pünhan Mürsəlov (48 kq) və Vaqif Hacıyev (59 kq) respublika birinciliyinin gümüş medalına layiq görülüblər.

Qeyd edək ki, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda 700-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.