Xəbərlər


Yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Fransanın paytaxtı Parisdə keçirilən "Böyük dəbilqə” turnirinin yekunlarına əsasən açıqlanan siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu saymaq olar. Belə ki, "Böyük dəbilqə”nin gümüş medalçısı Rüstəm Orucov (73 kq) yenə bütün rəqiblərindən öndədi. Aktivinə 300 xal əlavə etməklə onu 2207-yə çatdıran cüdoçumuz ikinci yerdə qərarlaşan israilli Saqi Mukini 403 xal qabaqlayır. Elmar Qasımov da 100 kq çəki dərəcəsində birincidi. Parisdə 5-ci pillədə yer alan və bununla daha 100 xal qazanan (2330) idmançımız mövqeyini daha da möhkəmləndirib. Klubun digər cüdoçuları Orxan Səfərov (60 kq) 2-ci, Elxan Məmmədov (100 kq) 22-ci pillədəki yerlərini qoruyublar. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) isə bir pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 24-cü və 7-ci sıralara yüksəliblər.

Qeyd edək ki, cüdo idman növündə olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.