Xəbərlər


Bir daha Tokio Paralimpiya Oyunları haqda

Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları artıq tarixə qovuşdu. Mötəbər yarışda 163 ölkədən 4400 idmançı 539 dəst medal uğrunda mübarizə apardı.

Tokio Paralimpiadası Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazıldı. Dördilliyin zirvə yarışına 36 idmançı ilə qatılan milli Paralimpiya komandamız 19 medal – 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq, 163 ölkə arasında medal siyahısında 10-cu yerdə qərarlaşdı. Bu, yeddinci dəfə Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur.

Qürurverici haldır ki, Azərbaycan komandasının qazandığı bu parlaq qələbədə "Neftçi İdman Klubu”nun yetirmələri böyük pay sahibi oldular. Belə ki, əldə olunan 19 medaldan 8-ni (6 qızıl, 2 bürünc) klubumuzun idmançıları ölkəmizə qazandırdılar.

Bəri başdan böyük təəssüf hissi ilə qeyd edək ki, paracüdoçumuz, Rio-2016-nın qalibi Ramil Qasımovun və parataekvondoçumuz Aynur Məmmədovanın koronavirus testləri pozitiv çıxdığından onların hər ikisi yarışları buraxmalı oldular. Ancaq bu, komandada bir qədər məyusluq doğursa da, idmançılarımızın mübarizə əzmini qıra bilmədi.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan paracüdoçuları Tokio Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal (6 qızıl, 2 bürünc) qazandırdılar.

Qadınlar arasında qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Şahanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və rusiyalı Viktoriya Potapovaya qalib gələrək finala yüksəldi. O, həlledici qarşılaşmada Fransa idmançısı Sandrine Martinet üzərində qələbə çalaraq, Azərbaycana ilk qızıl medalı qazandırdı. Sevda Vəliyeva (57 kq) qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək finala yüksəldi. Həlledici qarşılaşmada cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova oldu. Rəqibini məğlub edən Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudonu üstələdi. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək paralimpiya çempionu oldu. Yetmiş kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan digər xanım idmançımız Dürsədəf Kərimova ukraynalı Anastasiya Harnik və Braziliya təmsilçisi Meq Emmeriçə qalib gələrək finala yüksəldi. Həlledici qarşılaşmada cüdoçumuz qazaxıstanlı Zarina Baybatina ilə üz-üzə gəldi. Rəqibini ipponla məğlub edən Dürsədəf Kərimova nüfuzlu yarışın qızıl medalına yiyələndi.

Kişilərin yarışında altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli birinci qarşılaşmada türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəldi. Bu mərhələdə rumıniyalı rəqibi Aleks Boloqanı məğlub edən cüdoçumuz finala vəsiqəni təmin etdi. Vüqar Şirinli həlledici görüşdə qazaxıstanlı rəqibi Anuar Sarıyev üzərində qələbə qazanaraq paralimpiya çempionu oldu. Hüseyn Rəhimli (81 kq) də eyni uğuru təkrarladı.O, ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəldi. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşdı. Bu rəqibi üzərində də qələbə qazanan Hüseyn Rəhimli Tokio Paralimpiadasının qızıl medalına sahib oldu. Klubumuzun digər cüdoçusu Namiq Abbaslı (66 kq) ilk görüşdə ispaniyalı Bannon İbanesə məğlub oldu. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazandı. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və rusiyalı Viktor Rudenkonu üstələyən Namiq Abbaslı üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı David Xoravaya qalib gəldi və bürünc medala layiq görüldü. İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev də Tokio Paralimpiadasında bürünc medal qazandı. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən 41 yaşlı cüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub oldu. Rəqib finala yüksəldiyi üçün İlham Zəkiyev təsəlliverici görüşə qatıldı. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız 3-cü yer uğrunda görüşdə mübarizə aparmadan qalib elan edildi. Buna özbəkistanlı rəqib Şirin Şaripovun qarşılaşmaya çıxmaması səbəb oldu. Şaripov əvvəlki qarşılaşmasında qadağan edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırıldı.

Beləliklə, qələbələri ard-arda sıralayan paralimpiyaçılarımız Tokio Yay Paralimpiya Oyunlarında tarixi uğura imza atdılar.

Təbii ki, paracüdoçularımızın qazandığı möhtəşəm qələbələrdən söhbət açarkən, Azərbaycan Cüdo Federasiyasının və "Neftçi İdman Klubu”nun rəhbərliyinin bu idmançılarımıza göstərdiyi diqqət və qayğını da xüsusi vurğulamaq lazımdır.

Xatırladaq ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edirdi ki, onlardan da 22-si "Neftçi İdman Klubu”nun yetirmələridir.