Xəbərlər


Yeniyetmə cüdoçularımızdan Avropa birinciliyində böyük uğur

Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə start verilib. Mötəbər yarışda 37 ölkənin idmançıları mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçuları yarışın ilk günündə iki medala sahib olublar. İdmançılarımızdan böyük əzmkarlıq nümayiş etdirən Aydan Vəliyeva (48 kq) bütün rəqiblərini məğlub edib və Avropa çempionu adını qazanıb. Klubumuzun digər yetirməsi Zahir Ağazadə (60 kq) isə nüfuzlu turniri üçüncü yerdə başa vurub.

Qeyd edək ki, Avropa birinciliyinə 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılan Azərbaycan millisi yarışın birinci günündə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb və komanda hesabında birinci yeri tutub.