Xəbərlər


Teymur Rəcəbov “Meltvater” turnirində çıxışını dayandırıb

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov "Meltvater” turnirində çıxışını başa vurub. Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu "Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - "Meltvater” turnirinin üçüncü yarış günündə Azərbaycan derbisi baş tutub. On üçüncü turda Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə ilə başa çatıb. Şahmatçımız həmin günün son iki turunda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, digər rusiyalı Serqey Karyakinə isə məğlub olub. Teymur Rəcəbov, nəticədə 7 xalla 10-cu olub.

Beləliklə, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, rusiyalı Yan Nepomnyaşi, FİDE təmsilçisi Alireza Firuzca, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan pley-offa vəsiqə qazanıblar.

Xatırladaq ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - "Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.