Xəbərlər


Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində dörddəbir finala yüksəlib

"Champions Chess Tour” seriyası çərçivəsində keçirilən "Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalçıları müəyyənləşib.

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov "Opera Euro Rapid" adlanan üçüncü mərhələdə Ermənistan təmsilçisi Levon Aronyanla mübarizə aparıb. Tərəflər qarşılaşmadan heç-heçə ilə ayrılıblar - 0,5:0,5.

Seçmə mərhələdə 15 turdan 8 xal toplayan Teymur Rəcəbov 7-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Onunla birgə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri (hər ikisi 9,5 xal), amerikalı Uesli So (9 xal), fransalı Maksim-Vaşye Laqrav, ermənistanlı Levon Aronyan (hər ikisi 8,5 xal), polşalı Yan-Kşiştof Duda (8 xal), rusiyalı Daniil Dubov (7,5 xal) da dörddəbir finala vəsiqə əldə ediblər.

Şahmatçımızın dörddəbir finaldakı rəqibi niderlandlı Aniş Giridir.

Qeyd edək ki, "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xatırladaq ki, fevralın 14-dək davam edəcək "Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır.