Xəbərlər


Cüdoçumuz Rüstəm Orucov reytinq cədvəlində liderliyə yüksəlib

Çexiyanın paytaxtı Praqada keçirilmiş Avropa çempionatından sonra cüdoçuların  dünya reytinq cədvəli açıqlanıb. 
Yeni siyahıda "Neftçi İdman Klubu"nun yetirmələrindən dördü ilk onluqda yer alıb. Yetmiş üç kiloqram çəki dərəcəsində qitə çempionatının bürünc medalını qazanan Rüstəm Orucov bir pillə irəliləyərək reytinqdə birinci olub. Yarışın gümüş medalına sahib olan İrina Kindzerska (+78 kq) isə beşinci yerdən dördüncü pilləyə qalxıb. Avropa çempionatının üçüncüsü Məmmədəli Mehdiyevin (90 kq) mövqeyi isə dəyişməyib. O, tutduğu beşinci pilləni qoruyub saxlayıb. Praqada yeddinci olan Elmar Qasımov (100 kq) da əvvəlki mövqeyində, 10-cu sırada dayanıb. Digər cüdoçularımızdan Avropa çempionatının qalibi olan Orxan Səfərov (66 kq) 6 pillə irəliləyib və 16-cı yerdə qərarlaşıb. Hidayət Heydərov (73 kq) 11-ci, bir pillə geriləyən Zelim Kotsoyev (100 kq) isə 13-cü sırada qərar tutub.