Xəbərlər


Velosipedçilərimiz Bakı kubokunda 3 medala sahib olublar

Respublika Velotrekində keçirilən Bakı kuboku yarışına yekun vurulub. Velosiped idmanının trek növü üzrə təşkil olunan yarışda U15, U17, gənclər, U23 və Elit yaş kateqoriyası üzrə 60-a yaxın idmançı fərdi ötüşmə sistemində bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun turnirdə mübarizə aparan təmsilçilərindən üçü mükafatçılar arasında yer alıb. Onlardan Nofəl Nuriyev gənc oğlanlar arasında 1 km məsafəyə mübarizədə gümüş medala layiq görülüb. U23/Elit kateqoriyalı kişi velosipedçilər arasında eyni məsafə üzrə keçirilən yarışlarda isə Musa Mikayılzadə qalib adını qazanıb. Mahmud Məmmədov isə fəxri kürsünün 3-cü pilləsində dayanıb.