Xəbərlər


Güləşçimiz Sənan Süleymanov Avropa çempionu oldu

İtaliyanın Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışın ilk günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan pəhləvanlarından ikisi qitə çempionatının medallarına sahib olub. İdmançılarımızdan 77 kiloqram çəki dərəcəsində çıxış edən Sənan Süleymanov böyük əzmkarlıq nümayiş etdirərək Avropa çempionatının qızıl medalını qazanıb. Mübarizəyə təsnifat mərhələsindən başlayan güləşçimiz Bolqarıstan bayrağı altında çıxış edən erməni Aik Mnatsakanyan, səkkizdəbir finalda isə italiyalı Matteo Maffezzoli üzərində qələbə qazanıb. Növbəti mərhələdə Yunanıstan təmsilçisi Georgios Prevolarakisi məğlub edən pəhləvanımız yarımfinalda daha bir ermənini, Ermənistan güləşçisi Karapet Çalyanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Sənan Süleymanov həlledici görüşdə Macarıstan təmsilçisi Zoltan Levanı məğlubiyyətə uğradaraq Avropa çempionatının qalibi olub.

Çempionatda mübarizəyə təsnifat mərhələsindən start verən klubumuzun digər yetirməsi İslam Abbasov (87 kq) isə mötəbər yarışın bürünc medalına layiq görülüb. İdmançımız ilk qarşılaşmada Belarus idmançısı Kiril Maskeviçi məğlub edib. O, səkkizdəbir finalda polşalı Arkadiuş Kuliniçdən, dörddəbir finalda isə Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalamdan üstün olub. Güləşçimiz yarımfinaldakı rəqibi, Macarıstan idmançısı Viktor Lorintsə məğlub olduğu üçün bürünc medal uğrunda mübarizə aparıb. İslam Abbasov bu qarşılaşmada litvalı Eyvidas Stankeviçyus üzərində qələbə qazanıb və Avropa üçüncüsü olub.

Güləşçimiz Sənan Süleymanov  Avropa çempionu olduGüləşçimiz Sənan Süleymanov  Avropa çempionu oldu