Xəbərlər


Hərbçilərin Dünya Oyunlarından daha bir medal

"Neftçi İdman Klubu”nun daha bir idmançısı Hərbçilərin VI Dünya Oyunlarında ölkəmizə medal qazandırıb. Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən oyunlarda növbəti uğura klubun taekvondoçusu, Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) imza atıb. Səkkizdəbir finaldan mübarizəyə qoşulan idmançımız öncə kanadalı Harkourt Lorden (14:6), ardınca Venesuela təmsilçisi Edqar Kontreras (9:2) üzərində qələbə qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə də Ayxan inamlı döyüşüb və İtaliya taekvondoçusu Kladio Trevisonu məğlubiyyətə uğradıb – 7:5. Həlledici final qarşılaşmasında 5:9 hesabı ilə məğlub olan Tağızadə gümüş medala sahib çıxıb.

Xatırladaq ki, bu, klubumuzun idmançılarının yarışda qazandığı 5-ci medaldır. Oyunların əvvəlki günlərində daha 4 idmançımız bürünc medala sahib olmuşdu: cüdoçular Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Elmar Qasımov (100 kq) və sərbəst güləşçi Ağahüseyn Mustafayev (65 kq).

Qeyd edək ki, Hərbçilərin VI Dünya Oyunlarına oktyabrın 11-də yekun vurulacaq.