Xəbərlər


Cüdo üzrə açıq paytaxt çempionatı başa çatıb

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində cüdo üzrə açıq Bakı çempionatı keçirilib. İki gün davam edən yarışda 27 klubdan 235 cüdoçu mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri paytaxt çempionatını 10 medalla başa vurublar. Kişilərin mübarizəsində Tunar Nəsirli (81 kq) gümüş, Cavid Piriyev (60 kq), Feyzulla Quliyev (73 kq), Elşən Davudlu, Zaur Həsənov (hər ikisi 90 kq) və Emil Hüseynov (100 kq) isə bürünc medala yiyələniblər.

Xanım idmançılar arasında 52 kiloqram çəkidə çıxış edən Alena Tokgöz və Qönçə Cəfərli (+ 78 kq) ikinci, Elmira Hüseynovayla (57 kq) Firuzə Qəmbərova (70 kq) isə üçüncü yeri tutublar.

Yarışda fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ qazanıblar. Medalçılar Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb.