Xəbərlər


Təmsilçilərimiz səmti müəyyənetmə idman növü üzrə açıq ölkə çempionatında

Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 250 idmançı mübarizə aparıb. Bununla yanaşı, yarışa Finlandiyadan da 60 idmançı qatılıb. Elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilən yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.

Çempionatda həm komanda hesabında, həm də fərdi mübarizədə qaliblər müəyyənləşib.

Uzun və orta məsafə üzrə keçirilən turnirdə idmançılar 14 yaş kateqoriyası üzrə yarışıblar. "Neftçi İdman Klubu” komanda hesabında ikinci yeri tutub. "Dağçılıq” İdman Klubunun üzvləri açıq respublika çempionatının kubokunu qazanıb. Müdafiə Nazirliyinin komandası isə üçüncü yerə çıxıb.

Klubumuzun yetirmələri müxtəlif kateqoriyalar üzrə fərdi yarışlarda da uğurla çıxış ediblər. "Elit” kateqoriyasında Sevda Verdiyeva qadınlar arasında qalib adını qazanıb. Anna Kamayeva isə 3-cü yeri tutub. Kişilərin mübarizəsində Maksim Baxoldin eyni uğura imza atıb. Digər kateqoriyalar üzrə keçirilən yarışda Ramin Əliyev kişilər, Nigar Hüseynova isə qadınlar arasında açıq ölkə çempionatının qalibi olub.