Xəbərlər


Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına yekun vuruldu

Sentyabrın 16-da "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası sona yetdi. Otuz üç komandanın qatıldığı mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1400- dən artıq iştirakçı mübarizə aparırdı ki, onlardan da 300-dən çoxu qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Aura” İdman Klubunda, güllə atıcılığı üzrə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.

Ümumi komanda hesabında Heydər Əliyev adına Neft Emalı Zavodu (682 xal) XXVII Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (656 xal) 2-ci, "Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası (583,5 xal) isə 3-cü yeri tutdu.

Qalib və mükafatçılara "Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.

Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına yekun vuruldu.