Xəbərlər


Rüstəm Orucov dünya reytinqində liderliyini davam etdirir

 

"Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qorumaqdadır. Minskdə keçirilən II Avropa Oyunlarının gümüş mükafatçısı ən yaxın izləyicisi olan Cənubi Koreya təmsilçisi Çangrım Anı 50 xal qabaqlayır. Bu çəki dərəcəsində daha bir idmançımız, "Minsk 2019”da bürünc medal qazanan Hidayət Heydərov da liderlər qrupundakı mövqeyini dəyişməyib. O, yenə də 6-cı pillədədir. Sonuncu Avropa Oyunlarının bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə bir pillə irəliləliyiblər. Bu cüdoçularımız müvafiq olaraq, 4-cü və 10-cu sırada qərar tutublar. Klubumuzun digər yetirmələri Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci yerdədirlər. Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) da mövqeyini dəyişməz saxlaya bilib. İkinci Avropa Oyunlarında bürünc medala yiyələnən idmançımız yenə də dünya reytinq cədvəlinin 4-cü pilləsində qərarlaşıb.