Xəbərlər


Cüdoçularımız Avropa Oyunlarında 2 medala sahib olublar

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir. Mötəbər turnirin hazırda davam edən cüdo yarışlarında "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələrindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) uğurla çıxış edərək medala layiq görülüblər.
Rüstəm Orucov monakolu Sedrik Bessini, italiyalı Fabio Bazileni və erməni idmançı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi Georgios Azoidis üzərində parlaq qələbə qazanan cüdoçumuz finala vəsiqəni təmin edib. Həlledici görüşdə isveçli rəqibi Tommi Makiasa məğlub olan Rüstəm Orucov Avropa Oyunlarının gümüş medalına sahib olub.
Eyni çəkidə mübarizə aparan Hidayət Heydərov isə yarışı 3-cü pillədə başa vurub. İdmançımız bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlubiyyətə uğradıb.

Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan "Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.