Xəbərlər


Yeniyetmə yunan-Roma güləşçilərimiz Avropa birinciliyində 2 medal qazanıblar

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan hər iki təmsilçisi mükafata layiq yer tutub. Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. İdmançımız ilk görüşdə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. Xorvatiyalı güləşçiyə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Lakin pəhləvanımız bu mərhələdə Rusiya idmançısı ilə bacara bilməyib. Güləşçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı rəqibini ilk hissədə məğlub edib və bürünc medala layiq görülüb.

Klubumuzun digər yetirməsi Allahverdi Əliyev (71 kq) də mötəbər turnirdə eyni uğura imza atıb. Yeniyetmə idmançımız ilk görüşündə erməni rəqibinə, daha sonra isə müvafiq olaraq Serbiya və Rumıniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Moldova təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Rusiya idmançısına qalib gəlib və turniri üçüncü pillədə başa vurub.

Qeyd edək ki, qitə birinciliyində uğurla çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, 135 xalla Avropa ikincisi olub. Milli komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan yığması tutub.