Xəbərlər


Yunan-Roma güləşçilərimiz “Zirvə” Beynəlxalq Uşaq Oyunlarında 5 medal qazanıblar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci "Zirvə” Beynəlxalq Uşaq Oyunları davam edir. Yarışda on iki ölkədən 4 mindən çox atlet idmanın müxtəlif növləri (ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika) üzrə mübarizə aparır.

Yüz altmış səkkiz iştirakçının qatıldığı yunan-Roma güləşi üzrə yarışlarda "Neftçi İdman Klubu” 8 yetirməsi ilə təmsil olunub. Güləşçilərimizdən beşi mükafata layiq yer tutub. Qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən Nurlan Quluzadə bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan İsaxan Bəbirli (35 kq) gümüş medala layiq görülüb. Vüsal Quluzadə (41 kq), Xəlil Mirzəyev (48 kq) və Kənan Abbaszadə (52 kq) isə yarışı bürünc medalla tərk ediblər.

Qeyd edək ki, "Zirvə”Beynəlxalq Uşaq Oyunları mayın 28-dək davam edəcək.