Xəbərlər


Yeniyetmə boksçularımız “Heydər Əliyev Kuboku - 2019” turnirində 4 medala sahib olublar

Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə boksçular arasında "Heydər Əliyev Kuboku - 2019” beynəlxalq turniri başa çatıb. Ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Gürcüstan və Qırğızıstan yığmaları da medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun milli komandamızın heyətində təmsil olunan yeniyetmə boksçularından 48 kiloqram çəkidə çıxış edən Səid Abdullayev yalnız həlledici final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Digər idmançılarımızdan Nihad Ağakişiyev (46 kq), Qasım Qasımlı (50 kq) və Əli Ələsgərli (52 kq) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə 4 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıb və bu nəticə ilə komanda hesabında birinci yeri tutub.