Xəbərlər


İslam Abbasov da Avropa çempionatını medalla başa vurdu

"Neftçi İdman Klubu”nun daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında mükafata layiq görülüb. Səksən yeddi kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən yunan-Roma güləşçimiz İslam Abbasov ilk görüşündə almaniyalı rəqibinə qalib gəlib. O, növbəti görüşdə olimpiya çempionu olan Rusiya təmsilçisini də məyus edərək dörddəbir finala vəsiqə qazanıb. Pəhləvanımız bu mərhələdə ermənistanlı dünya və Avropa çempionu ilə qarşılaşmanın əvvəlindən sonunadək rəqibindən üstün olub və parlaq qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda da əzmlə mübarizə aparan idmançımız belaruslu rəqibinə qalib gəlib və ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqəni təmin edib. Həlledici görüşdə son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu, ukraynalı Jan Belenyuka məğlub olan İslam Abbasov gümüş medala layiq görülüb.

Qeyd edək ki, bu, onun böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

Xatırladaq ki, mötəbər turnirin ilk günlərində sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) qızıl, Mahir Əmiraslanov (57 kq) isə bürünc medal qazanıb.