Xəbərlər


Güləşçimiz Hacı Əliyev üçqat Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış sərbəst güləşçiləri qitə çempionatında əzmlə mübarizə apararaq böyük uğura imza atıblar. Belə ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev ilk görüşdə Belarus, daha sonra Ermənistan, Rusiya və Moldova güləşçilərinə qalib gələrək ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan idmançımız Türkiyə təmsilçisi Selahəttin Kılıçsallayanı 7:0 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb. Beləliklə, Hacı Əliyev həm üçqat dünya, həm də üçqat Avropa çempionu olub.

Mahir Əmiraslanov (57 kq) isə startda Moldova təmsilçisini məğlub etsə də, dörddəbir finalda Türkiyə güləşçisi ilə mübarizədə özü bu acını yaşayıb. Ancaq rəqib finala yüksəldiyindən idmançımız təsəlliverici görüşə çıxıb və Fransa güləşçisinə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bu görüşdə bolqarıstanlı rəqibini məğlubiyyətə uğradan Mahir Əmiraslanov böyüklər arasında ilk dəfə Avropa çempionatının bürünc medalına sahib olub.

Güləşçimiz Hacı Əliyev  üçqat Avropa çempionu oldu