Xəbərlər


Parataekvondoçularımız dünya çempionatında 8 medal qazandılar

Türkiyənin Samsun şəhərində paralimpiyaçılar arasında keçirilən taekvondo üzrə altıncı dünya çempionatı başa çatıb. Çempionata 10 idmançı ilə qatılan milli komandamız 8 medala yiyələnib.

Qürurlandırıcıdır ki, böyük uğura imza atmış komandamızın tərkibi bütünlüklə "Neftçi İdman Klubu”nun paralimpiyaçılarından təşkil olunub. İdmançılarımızdan Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (+75 kq), qadınlar arasında isə Aynur Məmmədova (58 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıblar. Yalnız final görüşündə qələbəni əldən verən Xəzər Mirzəyev (75 kq) gümüş medala layiq görülüb. Digər parataekvondoçularımız Namiq Abbasov (61 kq), Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq) və Röyalə Fətəliyeva (49 kq) isə çempionatı 3-cü yerdə başa vurublar.

Qeyd edək ki, millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında kişilər arasında Rusiya millisindən sonra 2-ci, qadınlar arasında isə Rusiya və Türkiyə yığmasının ardından 3-cü pillədə qərarlaşıb.