Xəbərlər


“Neftçi İdman Klubu” 2018-ci ildə böyük uğurlara imza atıb

Azərbaycan dövlətinin bədən tərbiyəsi və idmana göstərdiyi qayğı sayəsində ölkəmizdə idman daha da sürətlə inkişaf etməkdədir. Bu gün respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülür. Paytaxtımızda, eləcə də respublikanın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bu da yüksək səviyyəli idmançıların hazırlanması üçün münbit şəraitin yaradılması deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olmuşdur. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun açıq təzahürüdür.

"Neftçi İdman Klubu” idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

2018-ci ildə klubumuz çoxsaylı uğurlara imza atmışdır. İl ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 146 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 850-dən artıq neftçi idmanla məşğul olmuşdur.

Yola saldığımız ildə "Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu müddət ərzində futtennis, voleybol, səmti müəyyənetmə, piyada turizm, mini-futbol (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil olunub keçirilmişdir ki, bu yarışlarda da 1854 nəfər mübarizə aparmışdır.

Ölkəmizdə idmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2018-ci ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası keçirilmişdir. Yarışda 30 müəssisədən olan komandaların tərkibində 1412 nəfər iştirak etmişdir ki, onlardan da 334-ü qadınlar idi. Spartakiadada 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə yarışlar təşkil olunmuşdur.

Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də yüksək nailiyyətlər əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyro olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Bununla bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Təkcə 2018-ci il ərzində idmançılarımız 1052 medal qazanmışlar ki, onlardan da 325-i qızıl, 305-i gümüş, 422-si isə bürüncdür.

Oktyabr ayında Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında klubumuzun iki yetirməsi medala sahib oldu. 206 ölkədən 4 mindən çox idmançının qatıldığı mötəbər yarışda cüdoçumuz Vüqar Talıbov (66 kq) böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala yiyələndi. Güləşçimiz Şahanə Nəzərova (43 kq) isə Olimpiadanın bürünc medalına layiq görüldü.

Həmin ayın sonlarında Macarıstanın Budapeşt şəhərində təşkil olunan güləş üzrə dünya çempionatında yunan-Roma güləşçimiz Rəsul Çunayev (72 kq) bürünc medal qazandı.

Noyabrda Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında gerçəkləşən dünya çempionatında "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) 3-cü yeri tutdu. Qeyd edək ki, bu idmançımız 2017-ci ildə keçirilən U-23 dünya çempionatında da eyni uğura imza atmışdı.

Xorvatiyanın paytaxtı Zaqrebdə iyul ayında keçirilən yeniyetmə güləşçilərin dünya birinciliyində Şahanə Nəzərova (43 kq) gümüş, sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala layiq görüldü.

Sentyabr ayında Bakıda yüksək səviyyədə təşkil olunan cüdo üzrə dünya çempionatında "Neftçi İdman Klubu”nun təmsilçisi Hidayət Heydərov (73 kq) mükafata layiq yer tutdu. Cüdoçumuz 125 ölkədən 800-dək idmançının mübarizə apardığı mundialın bürünc medalına sahib oldu.

Oktyabrda Baham adalarının Nassau şəhərində keçirilən gənc cüdoçuların dünya birinciliyində finala qədər inamla irəliləyən, yalnız həlledici görüşdə məğlub olan Balabəy Ağayev (55) mötəbər turnirin gümüş medalına layiq görüldü.

Bundan əlavə, cüdoçularımız il ərzində təşkil olunmuş Avropa çempionatı və kuboku yarışlarında, eləcə də "Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində əzmlə mübarizə apararaq ölkəmizə medallarla dönmüşlər.

2018-ci ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm addımlar atılmışdır. Yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol və futzal komandalarımız sonuncu Azərbaycan çempionatında 3-cü yerə çıxmışlar. Futbol üzrə ölkə çempionatının Birinci Divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası isə mövsümü 2-ci pillədə başa vurmuşdur.

"Neftçi İdman Klubu” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda "Neftçi İdman Klubu”nda 22 məşqçinin rəhbərliyi altında 250-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda, eləcə də Bakı Futbol Federasiyası tərəfindən keçirilən «Sabahın ulduzları» paytaxt çempionatında yüksək səviyyədə təmsil olunurlar.

Sadaladığımız bu uğurlar ötən il ərzində klubun qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun Azərbaycanda lider idman cəmiyyəti olmasının əyani sübutudur.

Təbii ki, klubumuzun bu nailiyyətləri əldə etməsində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rolu danılmazdır. Məhz onun mütəmadi olaraq göstərdiyi diqqət və qayğının sayəsində idmançılarımız üçün hər cür şərait yaradılmışdır. İdmançılara bəslənilən belə doğma münasibət isə təbii ki, onların yeni-yeni uğurlar qazanmasında xüsusi rola malik olan əsas amillərdən biridir.