Xəbərlər


Güləşçilərimiz Müşfiq İsayevin xatirə turnirinə qatılıblar

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq respublika turniri başa çatıb. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan idmançılar da medallar uğrunda mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun güləşçiləri gərgin mübarizə şəraitində keçən turnirin 2 qızıl, 2 gümüş və 1 bürünc medalını əldə ediblər. Sərbəst güləşçilərimizdən 60 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Nəsirov rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunan-Roma güləşi üzrə keçirilən yarışda Xasay Həsənli (65 kq) qalib adını qazanıb. Yalnız həlledici final görüşündə məğlub olan Nihad Quluzadə (51 kq) və Hüseyn Qəribov (55 kq) gümüş medala layiq görülüblər. Cavidan Məmmədli (48 kq) isə turniri üçüncü yerdə başa vurub.