Xəbərlər


Güləşçilərimiz Azərbaycan çempionatını 9 medalla başa vurdular

Bakı İdman Sarayında keçirilən böyüklər arasında güləş üzrə respublika çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri ölkə çempionatının 7 medalını (3 qızıl, 2 gümüş, 2 bürünc) əldə ediblər. Pəhləvanlarımızdan Ziya Zeynalov (55kq), Elvin Mürsəliyev (82 kq) və Arif Niftullayev (97 kq) rəqib tanımayaraq Azərbaycan çempionu adını qazanıblar. Yalnız həlledici final görüşündə məğlub olan Elməddin Ramazanov (82 kq) və İslam Abbasov (87 kq) gümüş medala layiq görülüblər. 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov və Elton Vəzirzadə (82 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.

Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq qızıl medala sahib olub. İntiqam Vəliyev (61 kq) isə çempionatı bürünc medalla başa vurub.