Xəbərlər


Neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına yekun vuruldu

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə oktyabrın 15-də start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası başa çatdı. 30 komandanın qatıldığı mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1412 iştirakçı mübarizə aparırdı ki, onlardan da 334-ü qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Aura” İdman Klubunda, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.

Ümumi komanda hesabında Heydər Əliyev adına Neft Emalı Zavodu (688,5 xal) XXVI Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (632 xal) 2-ci, "Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası (575 xal) isə 3-cü yeri tutdu.

Qalib və mükafatçılara "Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.

Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası öz işini sona çatdırdı.