Xəbərlər


Ruslan Lunyov Avropa kubokunun finalında böyük uğura imza atıb

Portuqaliyanın paytaxtı Lissabonda güllə atıcılığı üzrə Avropa kubokunun final yarışları keçirilib.

Mötəbər turnirdə 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışlarında ölkəmizi "Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov təmsil edib. IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu final yarışlarında uğurla çıxış edərək ayrı-ayrı növlər üzrə 581 xalla qızıl və 573 xalla gümüş medala sahib olub.

Xatırladaq ki, dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 582 xalla beşinci olmuş idmançımız bu nəticə ilə "Tokio-2020”yə lisenziya qazana bilməsə də, dünya reytinqində xeyli irəliləyərək 93-cü pillədən 10-cu yerə yüksəlib. Həm 10, həm də 25 metr məsafələrə atəşaçma üzrə dünya reytinqindəki nəticələri onun gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakına imkan verir.

Qeyd edək ki, bu ilin sonunda dünya reytinqində ilk 24-lükdə qərarlaşan atıcılar "Minsk-2019”da iştirak edə biləcəklər.