Xəbərlər


“Neftçi İdman Klubu” səmti müəyyənetmə üzrə açıq ölkə çempionatının qalibi olub

Xaçmaz rayonunun Nabran meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə növbəti açıq respublika çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı mübarizə aparıb. Çempionat elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilib. Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.

Turnirdə həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblər müəyyənləşib. "Neftçi” İdman Klubu” komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb. "Dağçılıq” klubu ikinci, Müdafiə Nazirliyinin komandası isə üçüncü yeri tutub.

Fərdi yarışlarda bütün medallara klubumuzun idmançıları yiyələniblər. Belə ki, Vladislav Tuzov qızıl, Gennadi Klim gümüş, Maksim Baxoldin isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, qaliblər oktyabr ayının sonlarında Türkiyədə keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.