Xəbərlər


Güləşçilərimiz “Zəfər Kuboku”ndan 2 medalla dönürlər

Türkiyənin Gebze şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci "Zəfər Kuboku” beynəlxalq turnirinə yekun vurulub. Yarışda Azərbaycan, Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya , Türkmənistan, Qazaxıstan, Rumıniya, Macarıstan, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Argentina, Hollandiya və Qırğızıstan idmançıları mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış güləşçilərindən ikisi mötəbər turnirin mükafatçıları sırasına düşməyə müvəffəq olub. Sərbəst güləşçilərimizdən 55 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Əbülfəz Nəsirov bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medala yiyələnib. Yeniyetmə qızların yarışında isə Şahanə Nəzərova (43 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.