Xəbərlər


Güləşçilərimiz Kiyevdə 3 medal qazanıblar

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə 22-ci beynəlxalq turnir keçirilib. Yarışda 37 ölkədən 500-ə qədər idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində yer almış pəhləvanlarından üçü turnirin mükafatına sahib olub. Yunan-Roma güləşçilərimizdən 87 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən İslam Abbasov finala qədər inamla irəliləyib. Yalnız həlledici görüşdə məğlubiyyətə uğrayan idmançımız gümüş medala layiq görülüb. Elvin Mürsəliyev (82 kq) isə üçüncü pillədə qərarlaşıb.

Sərbəst güləşçilərin yarışında klubumuzun yetirməsi, üçqat dünya çempionu Hacı Əliyev (65 kq) finala yüksəlsə də, sonda beynəlxalq turnirin gümüş medalı ilə kifayətlənməli olub.