Xəbərlər


Yeniyetmə və gənc güləşçilərin respublika birinciliyinə yekun vurulub

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb. Yeniyetmələrin yarışında 2001-2003-cü, gənclərin mübarizəsində isə 1998-2000-ci illər təvəllüdlü idmançılar güclərini sınayıblar.

Klubumuzun yeniyetmə güləşçiləri respublika birinciliyinin 10 medalına (3 gümüş, 7 bürünc) yiyələniblər. Medallardan beşini (1 gümüş, 4 bürünc) sərbəst güləşçilər, beşini (2 gümüş, 3 bürünc) isə yunan-Roma güləşçiləri əldə ediblər.

Gənclər arasında təşkil olunan yarışda təmsilçilərimiz 12 medal (4 qızıl, 2 gümüş, 6 bürünc) qazanıblar. Sərbəst güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə bütün qaşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionu adını qazanıb. Yunan-Roma güləşçilərimizdən isə Elşad Məmmədov (60 kq), Kamran Mirzəliyev (63 kq) və Ülvi Qənizadə (72 kq) eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci yeri tutublar.