Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə” turnirindən 2 medalla dönür

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. Yarışda dünyanın 65 ölkəsindən 441 idmançı bacarığını nümayiş etdirib.

Azərbaycan millisi mötəbər turnirin iki medalına sahib olub ki, onların da hər ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. Cüdoçularımızdan 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov finala qədər inamla irəliləyib. İdmançımız bu yolda avstraliyalı Ceyk Bensted, tacikistanlı Bəhruz Xocazodan, ermənistanlı Ferdinand Karapetyan və almaniyalı İqor Vandtken üzərində parlaq qələbələr qazanıb. Həlledici görüşdə Yaponiya təmsilçisi Şohei Ono ilə mübarizədən məğlub ayrılan Rüstəm Orucov "Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.

Qadınların yarışında isə İrina Kindzerska (+78 kq) bürünc medala yiyələnib. Klubumuzun xanım cüdoçusu 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina idmançısı Larisa Ceriçi məğlubiyyətə uğradıb.

Xatırladaq ki, iki həftə öncə Fransanın paytaxtı Parisdə keçirilmiş eyniadlı turnirdə də İrina Kindzerska bürünc medal əldə etmişdi.