Xəbərlər


Gənc cüdoçular arasında respublika birinciliyinə start verilib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb. Yarışda 64 komandanın heyətində 408-i oğlan, 59-u qız olmaqla 467 idmançı çempionluq uğrunda mübarizə aparır. Turnirin ilk günündə oğlanların yarışında 55 və 60 kiloqram, qızların mübarizəsində isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun gənc cüdoçularından Balabəy Ağayev (55 kq) əzmkarlıq nümayiş etdirərək ölkə çempionu adını qazanıb. Əhməd Yusifov (60 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Xanım idmançıların yarışında 63 kiloqram çəkidə çıxış edən Fidan Hüseynova yalnız final görüşündəki rəqibi ilə bacara bilməyib və gümüş medala layiq görülüb. Aytac Quluzadə (48 kq), İlahə Əhlimanova (52 kq) və Bəsti Səfərova (63 kq) isə respublika birinciliyini 3-cü yerdə başa vurublar.