Xəbərlər


“Qaradağ Lökbatan” ikinci dövrəyə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Birinci Divizionunun 2017/2018 mövsümündə qış fasiləsi başa çatıb.

İkinci dövrə 14-cü turun oyunları ilə start götürüb. Bu turda "Qaradağ Lökbatan” Zaqatalada eyniadlı klubun qonağı olub. Zaqatala şəhər stadionunda keçirilən oyunda tərəflərin hər cür səy göstərməsinə baxmayaraq, ilk hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra hücumlarının kəsərini bir qədər də artıran futbolçularımız 64-cü dəqiqədə Sabir Allahquliyevin vurduğu qolla istəklərinə çatıblar. 74-cü dəqiqədə rəqibin heyətində Haqverdi Həsənov hesabda tarazlığı bərpa edib – 1:1. Cəmi altı dəqiqə sonra Həbib Ağayevin yetirmələri yenidən önə keçiblər. Bu dəfə Elvin Adışirinli adını tabloya yazdırıb. Beləliklə, matç komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 14-cü turdan sonra xallarının sayını 38-ə yüksəldən "Qaradağ Lökbatan” hazırda turnir cədvəlinin vahid lideridir.